Türkiyəli musiqiçilər Gəncə Musiqi Kollecinin qonağı olublar
28.4.2016

Türkiyəli sənətçilər - Santur musiqi alətinin mahir ifaçısı Sedat Anar və qavalçı Selahettin Anar Türkiyənin Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Yunis Emre İnstitutunun təşkilatçılığı ilə Gəncə Musiqi Kollecinin qonağı olublar.

Kollecin direktoru Gülçin Mirzəyeva qonaqları salamlayaraq rəhbərlik etdiyi Gəncə Musiqi Kolleci haqqında məlumat verib. Kollecin “Qədim alətlər ansamblı” türkiyəli sənətçilər və qonaqlar qarşısında konsert proqramı ilə çıxış edib.

Birgə əməkdaşlıq məqsədi daşıyan tədbirdə Azərbaycanın qədim musiqi alətlərindən söhbət açılıb. Bildirilib ki, XIX əsrə qədər Santur musiqi alətindən Azərbaycanda da istifadə olunub. Musiqisevərlərin diqqətinə çatdırılıb ki, Santur toxmaqla çalınan alətdir. Həm simli, həm də zərb musiqi aləti sayılır.

Daha sonra türkiyəli sənətçilər Santur və qavalda gözəl musiqilər səsləndiriblər.

azertag.az