Aspirin xərçəng xəstəliyindən xilas edirmiş
28.4.2016

Kardif universitetinin tədqiqatçıları “Plos One” jurnalında dərc etdiyi icmalda iddia edirlər ki, aspirinin aşağı doza qəbulu terapiya zamanı xəstələrin sağalmaq şansını 20 faiz artırır və metastaz vermir.

Alimlərin sözlərinə görə, aspirinin aşağı dozada qəbulu xərçəngin bəzi növlərinin müalicəsinə nəzərəçarpacaq dərəcədə müsbət təsir göstərir. Bunu araşdırmaq üçün məqalə müəllifləri ciddi təhlil aparıblar.

Alimlər təxminən 50 süd vəzisi və prostat xərçəng xəstələrinin müalicələrinin nəticələrini öyrəniblər. Mütəxəssislər aspirinin xüsusilə üz və süd vəzi xərçənginin müalicəsində faydalı ola biləcəyini bildirib. Məlum olub ki, digər terapiya növləri ilə yanaşı aspirin qəbul etmək təxminən 15-20 faiz ölüm hallarının azalmasına səbəb olub. Xərçəngin digər tiplərinə bu preparatın təsiri az olub, lakin təhlil nəticəsində məlum olub ki, aspirinin xərçəngə səbəb olan şişin böyüməsini yavaşladır.

Maraqlıdır ki, tədqiqatçılar aspirin effekti ilə xərçəng hüceyrələrinin yaratdığı “PGE2” adlı molekulu arasında əlaqə tapıb. Mütəxəssislər aspirinin bu molekulun yaranmasını əngəlləyərək xərçəngli hüceyrələrin gizlənməsinin qarşısını aldığını söyləyib. Alimlər aspirinin mədə-bağırsaq qanaxması kimi əks göstərişləri ola biləcəyini ehtimalını da hesablayıb. Bunun üçün onlar analizlərdən əlavə məlumatları da yoxlayıblar. Məlum olub ki, heç bir halda ciddi və ya həyat üçün təhlükə kəsb edən qanaxma müşahidə edilməyib.

İcmalda aspirinin xərçəng terapiyasında müsbət nəticələrə səbəb olmasının və gələcəkdə geniş istifadə olunmasına dair araşdırmaların davam etdirilməsinin zəruriliyi vurğulanıb.

publika.az