Bakıdakı “Grand Hotel Europe” mehmanxanasında ənənəvi hind mətbəxi festivalı keçirilmişdir.
Hindistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Hindistan Assosiasiyasının birgə təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən, sayca dördüncü festivalın məqsədi azərbaycanlıları hind mətbəxi ilə tanış etmək, iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına kömək göstərməkdir.
Festival insanlara xoşbəxtlik, rifah, sağlamlıq arzusu ifadə edən ənənəvi şam yandırma mərasimi ilə başlanmışdır.
Tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Debnad Şou Azərbaycan-Hindistan dostluğundan, iki xalqın bir-biri ilə qırılmaz tellərlə bağlı olmasından, xalqların mədəniyyətinin, həyat tərzinin, mətbəx adət-ənənələrinin öyrənilməsinin vacibliyindən danışmışdır. Səfir qonaqlara vaxtlarını xoş keçirməyi, əylənməyi arzulamış, hind yeməklərinin dadına baxmağı tövsiyə etmişdir.
Rəqqasə Oksana Rəsulovanın ifa etdiyi qədim və müasir hind rəqsləri, musiqi parçaları, əyləncə və oyunlar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Festival çərçivəsində Hindistandan gətirilmiş müxtəlif zinət əşyalarının satış-sərgiləri təşkil olunmuşdur.
Tədbirdə iştirakçılar bu ölkənin sari və xına ənənələri ilə tanış olmuşlar.
Əldə olunan vəsait Azərbaycanda xeyriyyə məqsədlərinə sərf olunacaqdır.