1919-cu il. ABŞ-da ilk sərnişin hava xətti açılıb. “Mercury Air Service” aviaşirkəti “Junkers-Larsen JL-6” təyyarəsi ilə Los-Ancelesdən San-Dieqoya və Santa-Katalina adasına uçuşlar həyata keçirib.
1892-ci il. Rusiya İmperiyasında, Kiyevdə ilk dəfə elektrikli tramvay işə düşüb. Bu tramvay hərbi mühəndis, sahibkar Amand Struve tərəfindən yaradılıb.
1975-ci il. Məşhur ingilis futbolçusu Devid Bekhem anadan olub. Devid Bekhem İspaniyanın Real Madrid və İngiltərənin Mançester Yunayted, Preston North End, ABŞ-ın Los-Anceles Qalaksi, İtaliyanın Milan klublarının şərəfini qoruyub. O, UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, super kubokunu qazanıb. Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u isə ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.
1935-ci il. Sovet Sosialist Respublikaları İttifaqı və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən tərəflərdən biri təcavüzə məruz qalarsa, digəri ona yardım etməli idi. Bu müqavilənin Fransa parlamenti tərəfindən ratifikasiya edilməsini Adolf Hitler Reyn əyalətinin yenidən hərbiləşdirilməsi üçün bəhanə kimi istifadə etdi.
azertag.az