"Köhnə ev" əsəri Lənkəran teatrında səhnəyə qoyulub
2.5.2016

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin "Köhnə ev" dramatik komediyasının premyerası olub.
Tamaşanın qurluşçu rejissoru əməkdar artist Adil Zeynalov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rollarda xalq artisti Qabil Quliyev, Şahrud Mehdiyeva, Təranə Fərəcova, Günel Abbaszadə, Emil Rzayev və Aysel Babazadə çıxış edib.
Qeyd edək ki, 1996-cı ildə yazılmış əsərdə hadisələr ötən əsrin sonlarında Azərbaycan cəmiyyətində baş verən ictimai-siyasi-iqtisadi və mənəvi dəyişikliklər fonunda bir ailə daxilində cərəyan edir.
Satılan köhnə ev keçmişdir, yaşamaq qabiliyyətini itirib tarixə qovuşmuş formasiyanın rəmzidir. Köhnə ev həm də bu evin sakinlərinin doğma yuvası, həzin xatirələri, gəncliyidir. Onlar hələ adını belə bilmədikləri yeni quruluşu, həmin quruluşun gətirdiyi yeni insan münasibətlərini, sərt və amansız iqtisadi reallığı anlamaqda çətinlik çəkirlər, elə buna görə də gülüş, istehza, bəzən də kinayə hədəfinə çevrilirlər. Çoxdan yaşanmış həyatın xiffətini edən çaşqın insanların var olmaq uğrunda çabaları tamaşaçını güldürməklə bərabər, həm də kədərləndirir.
Xatırladaq ki, "Köhnə ev" ölkənin bir çox teatrında, o cümlədən 1999-cu ildə Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda tamaşaya qoyulub.

report.az