Müsabiqənin ikinci mərhələsi başa çatıb
2.5.2016

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində keçirilən müsabiqənin ikinci mərhələsində namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndirilib.

Təhsil Nazirliyindən bildiriblər ki, bu mərhələdə iştirak etmək hüququ qazanmış 550 nəfər bir saat ərzində 30 sualı cavablandırıb.

Sonuncu – müsahibə mərhələsindən uğurla keçən namizədlər müəyyənləşdirilmiş aylıq əməkhaqqını almaqla, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il ərzində təcrübə keçmək, eləcə də təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu baxımdan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə elan edilmiş müsabiqə də xüsusi maraqla qarşılanıb.

azertag.az