Azərbaycanlı gənc rəssam İlqar Talıbovun rəsm əsərləri Londonda “International Art Book” kitabında dərc olunub.
Nyu-Yorkun “Agora” qalereyası ilə əməkdaşlıq edən rəssamın kitabı 45 min tirajla nəşr olunacaq. Bundan başqa, qalereyanın keçirdiyi “Emerging Vision” sərgisinin bir hissəsi olaraq, rəssamın əsərləri “Art Expo New York” beynəlxalq incəsənət sərgisində də nümayiş olunub.
Qeyd edək ki, İlqar Talıbov Bakıda anadan olub. Məhz buranın mədəniyyət və ideyalar mühiti onun yaradıcılıq ruhuna böyük təsir göstərib. Futurizm və kubizm cərəyanının nümayəndələrinin işlərindən ilhamlanan rəssam, bütün rəsmlərində hərəkət və çoxtərəflilik ifadə etmək üçün unikal dinamika yaradır. Rəssamın 2001-ci ildə Bakıda “Sanat Art” qalereyasında “İncəsənət və idman”, 2006-cı ildə isə “Qız qalası” qalereyasında “Reallıq, təxəyyül və fantaziya” adlı fərdi sərgiləri də açılıb. Hər iki sərgi Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyilə baş tutub.
azertag.az