İsveç sahillərində qeyri-adi gəmi qalıqları aşkar edilmişdir. Bu, son illərdə aşkarlanan digər tapıntılara dair elmə qaranlıq qalan sualları daha da çoxaltmışdır.
İsveç mediası qalıqların qədim Vikinq gəmisinə aid olduğu fikrini irəli sürsə də, Kalmar County muzeyinin arxeoloqu Lars Einarsson bununla bağlı daha diqqətli olmağı məsləhət görərək demişdir ki, bu tapıntı Vikinq gəmiləri ilə təxminən eyni tərzdə tikilmişdir. Amma bu hələ heç nə demək deyildir. Norveçin qərb sahillərində gəmilər hələ də bu cür hazırlanır. Şübhəsiz ki, bu gəmi orta əsrdən qalmadır və indiyə kimi bu cür qalıqların aşkar olunması hallarına çox rast gəlinməməsi məsələni daha da qəlizləşdirmişdir.
L.Einarsson ağacdan hazırlanmış bu gəmi qalıqlarının tarixinin 1250-ci və ya 1300-cü illərə gedib çıxdığını qeyd etmişdir.
Ekspertlər qalıqlar arasında orta əsrlərə aid daha dəyərli tapıntılar aşkar etməyə ümid edirlər.
“Digital” jurnalının məlumatında isə bildirilir ki, İsveç sahillərində vikinqlərin gəmi qalıqlarına 2009-cu ilin may ayına qədər rast gəlinməyib. Tapıntıların çoxu quru ərazilərdə aşkarlanmışdır.
Lakin bu, Baltik dənizində tapılmış və bütün dünyanın diqqətini cəlb edən ilk gəmi qalıqları deyildir. O ərazidə “Sehrli gəmi” 2011-ci ilin iyun ayında dənizin təxminən 482 m dərinliyində görülmüş və naməlum uçan obyekt kimi təqdim olunmuşdur.
Onu da qeyd edək ki, bu obyekt hətta “Ulduz müharibələri” filmindəki Milenium Falkonla müqayisə olunmuşdur.
Ocean X Komandasından gəmi qalıqlarını tədqiq edən dalğıc Stefan Hoqborn demişdir ki, dalğıclıq etdiyi 20 ildə, 6000 dəfə dənizin dibinə enməyimə baxmayaraq, buna bənzər bir şey heç vaxt görməmişəm. Mən bizim gördüklərimizi heç cür izah edə bilmirəm. Mən ora bizə qaranlıq qalan bir çox suallara cavab tapmaq üçün enmişdim, lakin oradan daha çox suallarla geri qayıtdım.
AzərTAc