Azərbaycanlı yazıçının əsəri Litva mətbuatında
3.5.2016

Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin Qarabağ müharibəsi mövzusunda yazdığı məşhur əsərlərindən biri olan “Boz eşşəyin məktubları” adlı hekayəsi Litva Yazıçılar İttifaqının ədəbi orqanı olan “Ədəbiyyat və İncəsənət” (“Literatura ir Menas”) həftəliyində dərc edilib.

Müəllif bildirib ki, əsəri orijinaldan Litva dilinə tanınmış türkoloq alim və tərcüməçi, karay türklərinin tanınmış ictimai xadimi, Litvanın Azərbaycan və Türkiyədəki sabiq səfiri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas və tərcüməçi Mahir Həmzəyev çeviriblər.

Əsərin rəssamı publikasiya, litoqrafiya və oymaları ilə tanınmış latış rəssamı, qrafika ustası Lasma Puyatendir.

Bu tərcümə Litva oxucuları ilə E.Hüseynbəylinin ilk tanışlığı deyil. 2013­cü ildən bəri Litvanın ədəbi­bədii jurnallarında Azərbaycan nasirinin yeddi əsəri – “Nənəm, babam və kommunizm”, “Sular günəşə nəğmə oxuyanda”, “Məzar gəlini”, “Gözünə gün düşür”, “İlk öpüş”, “Oyun” və “Qumru quşu” adlı hekayələri təqdim olunub. “Boz eşşəyin məktubları” ədibin Litva ədəbi­mədəni ictimaiyyəti ilə səkkizinci görüşüdür.

Əsər Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə tərcümə edilib. Cəmiyyətin məqsədi Litva oxucularını müasir Azərbaycan nəsrinin nümunələri ilə tanış etmək, Litva-Azərbaycan ədəbi əlaqələrinin üfüqlərini genişləndirməkdir. Habelə xalqlarımızın mədəniyyətlərarası dialoqunu inkişaf etdirmək, Qarabağ müharibəsi və onunla bağlı həqiqətləri, Azərbaycan xalqının indiki ağrı-acılarını bədii əsərlər vasitəsilə Litva ictimaiyyətinə çatdırmaq işinə xidmət etməkdir.

azertag.az