Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi bu yaxınlarda festivaldan qayıdıb. Teatrın direktoru və “UNİMA” Azərbaycan Milli Mərkəzinin Prezidenti Rəşad Əhmədzadə festival barədə təəssüratlarını bölüşüb və teatrdakı vəziyyət, repertuar, tamaşaçı məsələləri ilə bağlı sualları cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
-Əvvəlcə bu il iştirak etdiyiniz festivallar barədə məlumat verərdiniz...
-Aprelin 15-dən 19-dək Rusiya Federasiyasının İvanovo şəhərində keçirilən XI Beynəlxalq “Muraveynik” kukla teatrları festivalında iştirak etdik. Rusiyanın bir neçə məşhur kukla teatrı, həmçinin Azərbaycan, Türkmənistan, Qazaxıstan və digər ölkələrdən teatrlar olmaqla təxminən 15 kukla teatrı öz tamaşaları ilə çıxış etdi.
Teatrımızın kollektivi festivalda Kamran Şahmərdanın “Ağ və qara” tamaşası ilə iştirak edib. Festivalda yeganə teatr olaraq tamaşamızı öz dilimizdə təqdim etdik. Sinxron tərcüməmiz də var idi. Lakin İvanovo teatrında avadanlıq olmadığına görə işlədə bilmədik. Buna baxmayaraq tamaşanın annotasiyası tamaşaçılara təqdim olunmuşdu. Tamaşamız yüksək səviyyədə ifa olundu. Festival çərçivəsində müsabiqə olmasa da, istər tamaşaçı, istərsə də münsiflərin münasibətindən açıq-aydın sezmək olurdu ki, ən yaxşı tamaşa bizim tamaşamızdır. Tamaşamızın uğurlu olmasının nəticəsi idi ki, elə oradaca bir neçə festivaldan dəvət aldıq. Ryazan teatrı bizi komissiyasız birbaşa iştiraka dəvət etdi. Ümumiyyətlə, teatrımız ildə bir neçə beynəlxalq festivala dəvət alır.
İvanovo festivalından əvvəl fevral ayında Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr studiyası Sankt-Peterburqda keçirilən ikinci beynəlxalq “Caz karuseli” müsabiqəsində iştirak edib və baş mükafata – Qran-priyə layiq görülüb. Bununla yanaşı, 6-18 yaş arası uşaq və gəncləri əhatə edən müsabiqənin uşaq solo ifaçılığı nominasiyasındakı birinciliyi də studiyanın gənc artistləri qazanıblar. Belə ki, Selcan Müseyibova və Aylin Nəcəfli birinci dərəcəli diploma layiq görülüblər.
Qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Oyuq” teatr studiyasının üzvləri Bolqarıstanda, Türkiyədə, Rusiyada festivallarda uğurla çıxış ediblər. Həmçinin Kukla Teatrının həyata keçirdiyi sosial layihələrdə yaxından iştirak edirlər.
Fikirləşirəm ki, son bir neçə ildə sözümüzü deməyə, dövlətin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq. Bunun nəticəsidir ki, 10 il bundan qabaq biz hansısa festivalda iştirak etməyin arzusunda idiksə, indi festivalları biz seçirik. Kukla Teatrı çox az saylı kollektivlə hər hansı festivala, müsabiqəyə, qastrola 5-6 tamaşa aparmaq gücündədir.
-Teatr bu ilin ötən müddətində hansı tamaşaları təhvil verib?
-Başa vurduğumuz bu 4 ayda bir neçə premyeramız olub. Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda V.İlyuxovun “Oyaq gözəl” tamaşası təhvil verilib. Çox uğurlu bir tamaşa alındı. Bu tamaşa ilə paralel “Oyuq” teatr studiyasında Cəmilə Allahverdiyevanın quruluşunda S.Haqverdiyevanın “Yatmış gözəl” tamaşası hazırlandı. Bundan əlavə, aprel ayının 27-də “Melodiya”, 28-də isə “Zəng” tamaşalarının premyeraları oldu. Tamaşaların ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı isə Rəvanə Yaqubovadır.
Mayın 14-də isə “Gözəl və bədheybət” tamaşasının premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Bundan əlavə, ilin sonunadək “Qırmızı papaq” tamaşasını da təhvil verəcəyik. Tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Tamaşanın son tamamlama işləri gedir. Artıq dekorların, kuklaların hazırlanması prosesi başlayıb.
-Kukla Teatrı uşaqlarla yanaşı, böyüklər üçün də tamaşalar hazırlayır...
-Bəli. Melodiya” və “Zəng” tamaşaları məhz böyüklər üçün nəzərdə tutulub. “Melodiya” ailə-məişət mövzusunda sözsüz, musiqi və hərəkət üzərində qurulan tamaşadır. “Zəng” tamaşasının əsas mövzusu isə valideynləri unutmamaq, diqqətdən kənar saxlamamaqdır.
Məlumdur ki, festivalda göstərilən tamaşaların mövzusu kassa tamaşalarından fərqli olur. Biz “Zəng” və “Melodiya” tamaşalarını festivallar üçün hazırlamışıq. Elə premyeralardan məlum oldu ki, çox uğurlu tamaşalar alınıb.
-Kukla Teatrı kadr məsələsini necə həll edir?
-Bakıda, Naxçıvanda, Gəncədə, Salyanda və Qaxda olmaqla Azərbaycanda beş dövlət kukla teatrı var. Buna baxmayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyorluğu fakültəsi yoxdur. Ona görə də bu aktyorların hamısı kukla teatrlarında hazırlanır. Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsini bitirənlər kuklanın bütün mexanizmini teatrda - istər bizim, istər digər kukla teatrlarında - öyrənir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə teatrlarda studiyaların fəaliyyətə başlaması nazirliyin bizə ən böyük dəstəyi oldu. Bundan ən çox yararlanan, yəqin ki, Kukla Teatrıdır. Çünki aktyorluq fakültəsini bitirib gələnlər həmin o studiyada kurs keçərək kuklaların idarə edilməsi, səsin formalaşdırılmasını öyrənəndən sonra teatrda işə qəbul edilir.
-Kukla Teatrına maraq nə dərəcədədir, teatrın repertuarı tamaşaçını qane edirmi?
-Kukla teatrı açıq kassaya işləyən teatrlardandır. Uşağını bir dəfə teatra gətirən valideyn çalışır hər həftə gəlsin. Ona görə də çalışırıq repertuarımızda tez-tez dəyişiklik edək, yeni, rəngarəng tamaşalar olsun. Hazırda Kukla Teatrının repertuarında 27 tamaşa var. Nizami Gəncəvi, Şekspir kimi klassiklərdən tutmuş müasir yazarlara qədər pyeslər var. “Tıq-tıq xanım”, “Göyçək Fatma”, “Məlikməmməd”, “Cırtdan” kimi nağıllar artıq Kukla Teatrı üçün klassikaya çevrilib. Bunlarsız teatrın repertuarını təsəvvür etmək mümkün deyil.
Bildirək ki, tamaşalar Azərbaycan və rus dillərində nümayiş olunur. Saat 12:00, 14:00 və 16:00-da Azərbaycan, 18:00-da isə rus dilində tamaşalar təqdim edilir. Çalışırıq fəaliyyətimiz hərtərəfli olsun.
-Bu il Kukla Teatrının 85 illiyidir. Yubileyinizi necə qeyd edəcəksiniz?
-Teatrımız 1931-ci ildə yaranıb. Bu il teatrın 85 yaşı tamam olur. Kollektivlə belə bir qərara gəldik ki, yubiley tədbirlərimizi noyabr-dekabr aylarına saxlayaq. Çalışacağıq ki, yaddaqalan olsun.
azertag.az