“Baku Guide” bələdçi kataloqunun may nömrəsi çapdan çıxıb
4.5.2016

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” bələdçi kataloqunun 2016-cı il may buraxılışı çapdan çıxıb.

Nazirlikdən bildirilib ki, kataloqun bu nömrəsində Bakının ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna xüsusi yer ayrılıb. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən forumda Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın dünyaya verdiyi mesajlar diqqətə çatdırılıb.

Nəşrdə Bakıda keçirilmiş XV Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin (AITF 2016) nəticələrindən, sərgi iştirakçılarının təəssüratlarından bəhs olunub.

Kataloqda dərc olunan “Emosiyalar qəlbinizi dolduracaq” adlı məqalə isə bu yay mövsümündə ölkəmizdə istirahət etmək istəyənlər üçün bələdçi rolunu oynayacaq. Yazını oxuyanlar “Nə üçün yay günlərini Azərbaycanda keçirməyə dəyər” sualına cavab tapacaqlar.

İyunun 17-dən 19-dək Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-pri yarışları, şübhəsiz ki, çoxsaylı əcnəbi qonağı paytaxtımıza cəlb edəcək. “Odlar yurdunda, sürət zirvəsində” adlı məlumat xarakterli yazıda bu barədə söhbət açılır.

“Azərbaycan mətbəxi” rubrikasında oxucular ölkəmizdə çay mədəniyyəti ilə bağlı ətraflı məlumat alacaq, armudu stəkandakı əsl ləzzətin sirrindən agah olacaqlar.

Kataloqda “Tarixi günlər” rubrikası 28 May - Respublika Gününə həsr olunub, məqalədə müsəlman Şərqində qurulmuş ilk respublikanın keçdiyi yola qısa nəzər salınıb.

Bələdçi kataloqda Mədəniyyət və Turizm Nazirliyin nəzdində yaradılmış “Baku City Tour” tərəfindən həyata keçirilən şəhər turu, turun marşrut və dayanacaqları, göstərilən xidmətlərlə bağlı məlumat da oxucular üçün maraqlı olacaq. Həmişə olduğu kimi bu dəfə də paytaxtın teatr və konsert müəssisələrinin, kino nümayişi mərkəzlərinin may ayı üçün dolğun afişası Azərbaycan və ingilis dillərində təqdim olunub. Şəhərimizin gənc əcnəbi qonaqlarını, aktiv istirahətə üstünlük verən hər kəsi maraqlandıran əyləncə tədbirləri barədə məlumatlar da nəşrdə yer alıb. Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Həmçinin, şəhərimizdəki otel, restoran, ticarət məkanları, aviakassalar, hava yolları, turizm agentlikləri, avtomobil kirayəsi, çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb.

azertag.az