Özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar Artist Xanlar Muradovun anadan olmasının 70 illiyi münasibətilə xatirəsi anılıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Dövlət Musiqili Teatrında O.Kazimi və R.Heydərin “Qızıl toy” ikihissəli musiqili komediyasının növbəti nümayişi Xanlar Muradovun anadan olmasının 70 illik yubileyinə həsr olunub. Xanlar Muradov vaxtilə bu tamaşada Rəhim kişi obrazını canlandırıb.
Qeyd edək ki, Xanlar Muradov 1975-2005-ci illərdə Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaradıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.
Xanlar Muradov 2005-ci il fevralın 5-də Bakıda vəfat edib.
azertag.az