Türk sənətçilərinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konserti
4.5.2016

Mayın 3-də Beynəlxalq Muğam Mərkəzində Şimali Kipr Türk Respublikasından pianoçu Rüya Taner Prezident Simfonik Orkestrinin ifaçısı Dinçer Özerlə birlikdə konsert verib.

Konsert Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində təşkil edilib. Konsert proqramını dinləyənlər arasında qardaş ölkənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, hərbi attaşesi general-mayor İhsan Başbozkurt, Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer, səfirlik əməkdaşları, Milli Məclisin deputatları və digər qonaqlar yer alıb.

Konsertdən öncə çıxış edən Türkiyənin səfiri İsmail Alper Coşkun bu cür tədbirin keçirilməsinə şərait yaratmış Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə, həmçinin konsertdə iştirak edən sənətçilərə və bütün qonaqlara minnətdarlığını bildirib.

Rüya Taner və Dinçer Özerin “Vurğulu rənglər” adlandırdığı konsert proqramı Ülvi Camal Erkinin “Zeybek” adlı əsərinin ifası ilə başlayıb. Konsertdə Ferens Liszt, Kamran Nazik, Klod Debüsi, Nazim Hidayetoğlu və Sayram Akdilin əsərləri səsləndirilib.

azertag.az