Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıya qatsrol səfərinə gəlib. Qatsrol çərçivəsində yaradıcı heyət “Ruhlar” tamaşasını nümayiş etdirəcək. İtalyan neorealizminin banisi Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinə teatrın baş rejissoru Tural Mustafayev quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.
Tamaşa insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirir. Əsərin süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şaiyələr ucbatından bu imarəti heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün bu şaiyələrə son qoymaqdan ötrü evi təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuala şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur. Paskuala Alfredo ilə bağladığı “saziş” barədə arvadına xəbər vermir. Amma nəticə etibarı ilə o, arvadının məşuqunu ruhlara bənzətməklə özü də gülünc vəziyyətə düşür...
Tamaşada əsas rolları Əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Niftulla Əsgərov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edirlər.
Qeyd edək ki, “Ruhlar” tamaşası birinci Şəki Beynəlxalq teatr festivalınnda təşkilat komitəsinin diplomu ilə mükafatlandırılıb.
“Ruhlar” mayın 4-də, yəni bu gün saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim olunacaq.
lent.az