Uşaq və yeniyetmələrin “Saf rənglər” beynəlxalq rəsm yaradıcılıq festivalı keçiriləcək
4.5.2016

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində mayın 24-də “Saf rənglər” IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının açılışı olacaq. Festival “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, Təhsil Nazirliyi və ADRA-nın birgə təşəbbüsü ilə keçirilir.

Akademiyadan bildiriblər ki, ADRA bu münasibətlə “Saf rənglər” IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı müsabiqəsini elan edir. Müsabiqə yeddi nominasiya üzrə, Azərbaycan, idman, təhlükəsiz dünya – gələcəyin şəhəri, ekomədəniyyət, mexaniki oyuncaq və transformerlər, multimedia, animasiya, instalyasiya, studiyanın atributu mövzularında keçirilir. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən 20-dək rəssamlıq studiyası, incəsənət məktəbləri ilə yanaşı, Türkiyə, Fransa, Kuba, Koreya, Çin, Belarus və bir sıra digər ölkələrdən 3-16 yaşlı uşaqların əl işləri də nümayiş olunacaq.

Festival ənənəvi olaraq hər il Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilir.

Qaliblər mükafatlandırılacaqlar.

azertag.az