Musiqi dünyasının iki dahisini – Üzeyir Hacıbəyli və Sergey Prokofyevi böyük dostluq birləşdirirdi
5.5.2016

Mayın 4-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin dəstəyi ilə Niyazinin mənzil-muzeyində görkəmli rus bəstəkarı, pianoçu, dirijor, pedaqoq, professor, RSFSR-in xalq artisti, Lenin mükafatı laureatı Sergey Prokofyevin (1891 -1953) anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

Musiqi Mədəniyyəti Muzeyinin şöbə müdiri Xanım Abdinova tədbiri açaraq XX əsrin görkəmli mədəniyyət xadiminin həyat və yaradıcılığı haqqında məlumat verib. X.Abdinova qeyd edib ki, Sergey Prokofyev istər Rusiyada, istərsə də dünyada klassik musiqinin inkişafına böyük töhfələr verib. S.Prokofyev erkən yaşlarından musiqiyə böyük maraq göstərib. Sankt-Peterburq Konservatoriyasında tələbəsi olarkən S.Prokofyev məşhur rus bəstəkarı və dirijoru Nikolay Rimski-Korsakovdan dərs alıb. O, Avropa, Amerika və Asiyada konsert proqramları ilə çıxış edib. Prokofyevin şah əsərləri milyonlarla insanın qəlbini fəth edib.


X.Abdinova vurğulayıb ki, Sergey Prokofyevi Azərbaycan bəstəkarları və musiqiçiləri, xüsusilə dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dostluq telləri bağlayıb. Hər iki musiqiçi dəfələrlə müxtəlif musiqi konfranslarında birgə iştirak edib, təcrübə mübadiləsi aparıblar. Azərbaycan SSR-in xalq artisti Əfrasiyab Bədəlbəyli öz məqalələrində S.Prokofyevin yaradıcılığını yüksək qiymətləndirib, maestro Niyazi isə rus bəstəkarının əksər əsərlərini repertuarına daxil edib.

Sonra Bakı Musiqi Akademiyası məzunları və paytaxt musiqi məktəbləri şagirdlərinin ifasında görkəmli rus bəstəkarının “Romeo və Cülyetta”, “Zoluşka”, kimi tanınmış əsərlərindən parçalar səsləndirilib.

Tədbirdə S.Prokofyevin zəngin həyat və yaradıcılığına həsr olunan slayd-şou göstərilib.

azertag.az