2009-cu il. Bakı Tennis Akademiyasının açılışı olub. Akademiyada tennis yarışları ilı yanaşı voleybol, həndbol və mini-futbol üzrə yarışlar da keçirilir.
2014-cü il. Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub. Burada çoxcildli Universal Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşri ilə məşğul olurlar.
1892-ci il. İstiqlal şairi Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadə) doğum günüdür (1892-1937). Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ədib həmçinin filoloq və tərcüməçi olub, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.
1910-cu il. SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil İsgəndərovun doğum günüdür (1910-1978). Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
2006–cı il. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının 9-cu sammiti keçirilib. 10 müsəlman ölkəsini birləşdirən ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib, Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları ilə birlikdə 1992-ci ildə quruma üzv olub.
1949-cu il. Londonda Avropa Şurası (AŞ) yaradılıb. Qurumun qərargahı Strasburqda yerləşir. Avropa Şurasının fəaliyyəti ilk növbədə insan hüquqlarının təmin olunmasına və müdafiəsinə, hüquqi əməkdaşlığın inkişafına, mədəniyyət, təhsil, səhiyyə, ekologiya və informasiya sahələrində qarşılıqlı fəaliyyətə yönəlib. AŞ terrorizmə qarşı mübarizə məsələlərinə, eləcə də demokratik sabitliyin möhkəmlənməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirir. Azərbaycan 2001-ci ildən AŞ-nin üzvüdür.
1818-ci il. XX əsrin bütün siyasi tarixinə təsir göstərmiş alman filosofu, iqtisadçısı, elmi kommunizmin banisi, siyasi jurnalist Karl Marks anadan olub. Onun əsərləri fəlsəfədə dialektik və tarixi materializmi, iqtisadiyyatda əlavə dəyər nəzəriyyəsini, siyasətdə sinfi mübarizə nəzəriyyəsini formalaşdırıb. Bütün bu istiqamətlər “marksizm” adlandırılan kommunizm və sosializm hərəkatı və ideologiyanın əsasını təşkil edib.
1821-ci il. Fransa sərkərdəsi və dövlət xadimi, Fransa imperatoru I Napoleon Bonapart dünyasını dəyişib. Bütöv bir dövr tarixdə silinməz iz qoyan bu şəxsiyyətin adını daşıyır. Napoleonun döyüşləri hərb dərsliklərinə daxil edilib, Qərb demokratiyalarının mülki normalarının təməlində isə “Napoleon hüququ” dayanır.
azertag.az