Bülbülün doğum günündən 115 il ötür
22.6.2012

Bu gün Xalq artisti Bülbülün doğum günüdür.

Bülbül adı ilə məşhurlaşan Murtuza Məmmədov iyunun 22-i 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında partiyasını ifa edib.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R.Qraninin sinifini) bitirib vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır.

1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb. 1940-cı ildə professor seçilib. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub. Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Konservatoriyanın nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Onun oğlu – xalq artisti Polad Bülbüloğlu bir müddət bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.

Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub. O, SSRİ – nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, “Şərəf nişanı” ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülüb. Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatıdır.

26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib.

Aytən Həsənova
Gün.Az