Müəllimlərin əmək haqlarının hesablanmasında yenilik tətbiq olunacaq
5.5.2016

"Müəllimlərin diaqnostik qiymətləndirilməsi müvafiq qaydaya uyğun olaraq ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra strategiyaya uyğun şəkildə əmək haqqı islahatının ikinci mərhələsinə - differansial, yəni, peşəkarlıq səviyyədən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçməyi planlaşdırırıq".
Bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub: "Belə ki, 2014-cü ildə Bakı şəhərində 30 min, 2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin orta aylıq əmək haqqısı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb".
M. Cabbarov eyni zamanda, müəllim şagird nisbətində əsaslı irəliləyişlərə nail olunduğunu da xatırladıb: "Bu göstərici 2012-2013-cü tədris ili müqayisədə 2015-2016-cı ildə 1:10-dan 1:12 nisbətinə yüksəlib".

report.az