Bu gün Əlillərin hüquqları uğrunda beynəlxalq mübarizə günüdür
5.5.2016

Bu gün dünya birliyi Əlillərin hüquqları uğrunda beynəlxalq mübarizə gününü qeyd edir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda planetimizdə bir milyarddan çox insan bu və ya digər formada əlillikdən əziyyət çəkir. Bu, yer kürəsi əhalisinin təxminən 15 faizi deməkdir.

Bu günün tarixi 1992-ci il mayın 5-dən başlanır. Həmin gün fiziki imkanları məhdud olan insanlar Avropanın 17 ölkəsində eyni vaxtda əlillərin hüquq bərabərliyinə riayət edilməsi uğrunda və fiziki, ruhi və ya sensor məhdudiyyətləri olan insanlara münasibətdə ayrı-seçkiliyə qarşı mübarizə günü keçirib. Bu tarixin məqsədi - geniş ictimaiyyətin diqqətini imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.

2006-cı il dekabrın 13-də XXI əsrdə insan hüquqları sahəsində ilk hərtərəfli müqavilələrdən biri - Əlillərin Hüquqları barədə BMT-nin Konvensiyası imzalanmaq üçün açıq elan edildi. Bu sənəd 50 dövlət tərəfindən ratifikasiya ediləndən sonra 2008-ci il mayın 3-də qüvvəyə minib. Konvensiya sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətin mülki, siyasi, iqtisadi, sosial və mədəni həyatında tamdəyərli iştirakının təmin edilməsinə, əlillik əlamətinə görə ayrı-seçkiliyin ləğvinə, əlillərin müdafiəsinə, onların insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsinə, habelə bu haqların təmin edilməsi üçün səmərəli hüquqi mexanizmlər yaradılmasına yönəlib. Azərbaycan Əlillərin Hüquqları barədə Konvensiyaya 2008-ci il oktyabrın 2-də qoşulub.

Hər il Əlillərin hüquqları uğrunda beynəlxalq mübarizə günündə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da müxtəlif aksiyalar, çoxsaylı xeyriyyəçilik və maarifçilik tədbirləri, xüsusi konfranslar keçirilir. Bu tədbirlərin yalnız bir məqsədi var - əlillərin normal, tamdəyərli həyat sürmək hüquqları uğrunda mübarizə.

azertag.az