“İRS“ jurnalının yapon dilində ilk nömrəsi çapdan çıxmışdır
22.6.2012

Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və “İRS-Heritage” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan “İRS” jurnalının yapon dilində ilk nömrəsi nəşr olunmuşdur.
Səfirlikdən bildirmişlər ki, nəfis tərtibatda hazırlanmış jurnalın nəşrinin məqsədi yapon xalqını Azərbaycanın zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları və ölkəmizin inkişaf perspektivləri haqqında daha ətraflı məlumatlandırmaqdır.
Jurnal Yaponiyanın Azərbaycanda ilk səfiri olmuş Tetsuye Hirosenin Azərbaycan –Yaponiya diplomatik əlaqələrinin 20 illiyinə həsr edilmiş məqaləsi ilə başlayır. Burada yaponiyalı diplomatın ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrinə də geniş yer verilmişdir.
Nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın Dövlət Bayrağı, dövlət müstəqilliyinin bərpasının 20 ili, orta əsrlər memarlığı, mətbəximiz haqqında və digər mövzularda məqalələr öz əksini tapmışdır. “Qarabağ-Azərbaycanın qəlbi” məqaləsində isə qədim Azərbaycan torpağı olan Qarabağ haqqında yapon oxuculara ətraflı məlumat verilmişdir.
İyulun 3-də Tokionun “Okura” mehmanxanasında bundan sonra mütəmadi olaraq nəşr etdirilməsi nəzərdə tutulan jurnalın ilk nömrəsinin təqdimat mərasimi keçiriləcəkdir.

AzərTAc