ABŞ-da Zeynəb Xanlarova Fondu yaradılıb
22.6.2012

ABŞ-da Azərbaycanın dünya şöhrətli müğənnisi, xalq artisti Zeynəb Xanlarova Fondu yaradılıb. Fondun yaradılmasına Zeynəb Xanlarovanın bu ilin aprel ayında ABŞ-dakı konsertindən sonra qərar verilib. Fondun prezidenti Zeynəb Xanlarova özüdür. Fondun yaradılmasında məqsəd həm Azərbaycanda, həm də ABŞ-da yaşayan azərbaycanlılara, kimsəsiz uşaqlara, qocalar evlərinə, şəhid ailələrinə, maddi problemləri olan mədəniyyət və incəsənət xadimlərinə yardım etməkdir. Fondun ofisi və işçiləri olacaq.

Məlumatı təsdiqləyən Zeynəb Xanlarova fondun yaradılmasını təqdirəlayiq hal hesab etdiyini bildirib: “Mən ömrüm boyu xalqıma və millətimə xidmət etmişəm, bu gün də bu missiyamı davam etdirirəm. Mənim adımla bağlı olan fond vasitəsilə ehtiyacı olan insanlar sevinəcəksə, üzləri güləcəksə, bundan hədsiz dərəcədə xoşbəxt olaram.

Millətimin, eyni zamanda dünyada heç bir insanın əziyyət çəkməsini istəmirəm. Kimisə pis vəziyyətdə görəndə ürəyim ağrıyır. Hər bir kəsin simasının təbəssümlü olmasını, xoşbəxt yaşamasını arzu edirəm. İnşallah, bu fond da fəaliyyəti dövründə çoxsaylı insanları sevindirəcək”.

APA