"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılır
6.5.2016

Azərbaycan Prezidenti İlham Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, səhmləri dövlətə məxsus olan "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılır. "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilir.

Müəyyən edilir ki, Cəmiyyət Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

Nazirlər Kabinetinə:

- Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

İqtisadiyyat Nazirliyinə:

- Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;
- bu sərəncamın 5.2-ci bəndi nəzərə alınmaqla, Cəmiyyətin İdarə Heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
- Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
- bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəllə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

Əmlak Məsələləri Dövlət Komitəsinə:

- Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

Müəyyən edilir ki, Cəmiyyətdə Müşahidə Şurası, İdarə Heyəti və Təftiş Komissiyası yaradılır; Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir; Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə Cəmiyyətin nizamnaməsini və strukturunu bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etmək; Cəmiyyətin ilkin mərhələdə saxlanılması və nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etmək; "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək; Cəmiyyətin yaradılması və "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar: Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşrılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması və "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görəcəklər.

trend.az