Bakıda Müasir İncəsənət Muzeyində rəssam Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgi Prezident İlham Əliyevin Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Şirəlibəy oğlu Kəngərlinin 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, rəssam qısa, lakin mənalı həyat yolu keçib. Cəmi 30 il ömür sürən Kəngərli 7 illik yaradıcılığı dövründə milli təsviri sənətimizi zənginləşdirən 2000-ə yaxın rəsm əsəri yaradıb.
Kəngərlinin zəngin bədii irsi qalıb. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb.
Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri ("Yaşlı kişi", "Gürcü" və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri ("Şəlalə", "Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol" və s.), mədəniyyət abidələri ("Möminə xatın türbəsi", "Əshabi-kəhf dağı", "Nuhun qəbri"), ilin fəsilləri ("Payız", "Bahar") əks olunub.
Bəhruz Kəngərli 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirib.
Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri verib. A.Babayevin "Yarımçıq şəkil" pyesi Kəngərliyə həsr olunub. Naxçıvan MR Ali Məclisi sədrinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" sərəncamına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılıb, qəbirüstü abidəsi ucaldılıb.
Trend