Azərbaycan kanoeçisi Valentin Demyanenko karyerasında 4-cü dəfə Avropa çempionu olub.
Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 29 yaşlı idmançımız növbəti uğuruna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən kayak və kanoe üzrə qitə çempionatında imza atıb.
Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə 38,752 saniyə nəticə ilə birinci yeri tutub. Gümüş medalı ispaniyalı Alfonso Benavides (38,968), bürünc medalı isə litvalı Yevgeni Şuklin (39,060) əldə edib.
Məhz Demyanenkonun bu uğuru sayəsində Azərbaycan millisi Avropa çempionatını 1 qızıl medalla başa vurub.
Qeyd edək ki, Valentin Demyanenko əvvəllər 3 dəfə - 2005, 2009, 2011-ci illərdə dünya çempionu, 3 dəfə - 2009 və 2011-ci illərdə 200 metr və 500 metr məsafələrdə yürüşlərdə Avropa çempionu olub.
APA