Sumqayıt Dövlət Dram Teatrında üç yeni əsərin məşqinə başlanılıb.
Bu barədə teatrdan məlumat verilib.
Hazırda məşqləri gedən səhnə əsərlərindən biri dramaturq Rəhman Əlizadənin “Sabah çoxdan başlanıb” pyesi əsasında hazırlanacaq tamaşadır. Tamaşa ailə-məişət mövzusundadır. Ailə, məktəb, cəmiyyət məsələləri tamaşanın məğzini təşkil edir. Sovet dövrünün eybəcərlikləri, cəmiyyətin idarə olunmasında baş verən təzadlar əsərin baş qəhrəmanı Qumrunu rahat buraxmır. Müəllif Qumrunun şəxsində aydın səmalı, sabahı parlaq, müstəqil cəmiyyət arzuladığını dilə gətirir.
Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədovdur.
Rollarda əməkdar artist Fəranə Musayeva, Dağlar Rüstəmov, Akif Mirzəyev, Xatirə Süleymanova, Şəmistan Süleymanlı, Vəfa Qurbanova, İlahə Səfərova, Elmir Mehdiyev ifa edir.
Sumqayıt Teatrında hazırlanan ikinci tamaşa Atol Fuqardın “Qan qardaşları” psixoloji ailə dramıdır.
Əsərə teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rolları əməkdar artist Rauf Ağakişiyev, aktyor Oktay Mehdiyev canlandırır.
Qara irqə mənsub, qul taleyi yaşayan iki qardaşın həyat uğrunda mübarizəsi əsərin süjet xəttini təşkil edir. Onlar acınacaqlı həyatlarını qismən dəyişməkdən ötrü yığdıqları qəpik-quruşla ferma almaq arzusu ilə yaşayırlar. Lakin ağların hökmranlıq etdiyi cəmiyyətdə hər şey qardaşların əleyhinə işləyir. Fəqət, onlar mənəvi keyfiyyətlərini qoruyub saxlamağı bacarır.
Sumqayıt teatrında hazırlanan üçüncü tamaşa İsi Məlikzadənin “Sultanqulu körpüsü” sosial komediyasıdır.
Əsərdə baş verən hadisələr ötən əsrdə sovet cəmiyyətində baş verir. Tamaşada 80-ci illərdə Azərbaycan kəndinin ictimai ab-havası öz əksini tapıb.
Rolları əməkdar artist İlahə Səfərova, aktyorlar Mövsüm Hüseynov, İlqar İbrahimov, İlham Səfərli, Dağlar Rüstəmov, Mətləb Səfərli, Yalçın Səlimov Şəhla Məmmədova, Şəmistan Süleymanlı və başqaları canlandırır.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədovdur.
report.az