Mayın 10-da “Qlobe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.
“Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il müsabiqədə qalib olmuş isveçli Mans Zelmerlov bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzuyıblar.
“Eurovision-2015” mahnı müsabiqəsinin qalibi olmuş Mans Zelmerlov ona qələbə qazandıran “Heroes” mahnısını fərqli üslubda tamaşaçılara təqdim edib. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər.
On səkkiz ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Finlandiya təmsilçisi Sanhja, daha sonra Yunanıstanın “Arqo” qrupu, Moldovanın istedadlı müğənnisi Lidia İsac, macarıstanlı Freedi, Xorvatiyadan Nina Kralvic, Niderland Krallığından Duve Bob, Ermənistandan İveta Mukuçyan, San Marinodan Sərhat, Rusiyadan Sergey Lazarev, çexiyalı Qabriela Qunçikova, Kiprdən “Minus one” qrupu, avstriyalı Zoe, Estoniyadan Juri Pootsman, Azərbaycan təmsilçisi Səmra Rəhimli, Monteneqrodan “Hayvey” qrupu, islandiyalı Qreta Salome, Bosniya və Herseqovinadan Dalal Deen və Anna Ruxer cütlüyü, maltalı İra Losko öz ifalarını təqdim ediblər.
Konsertdə diqqəti çəkən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş olunan hər bir ölkənin görüntülərində təmsilçilərin iştirak etməsi idi. Yeni qaydalara əsasən, böyük beşlik ölkədən yalnız İspaniya, Fransa və müsabiqəyə ev sahibliyi edən İsveç təmsilçilərinın zalda canlı ifalarının videoçarxı tamaşaçılara nümayiş etdirilib.
Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb.
Birinci yarımfinalda 18 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: Azərbaycan (1), Rusiya (2), Niderland Krallığı (3), Macarıstan (4), Xorvatiya (5), Avstriya (6), Ermənistan (7), Çexiya (8), Kipr (9), Malta (10).
Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 14-də keçiriləcək finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilib.
Müsabiqənin birinci yarımfinalı dünyanın 50-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Milyonlarla televiziya tamaşaçısı isə bu möhtəşəm şounu ekran qarşısında izləmək şansı əldə edib.
azertag.az