Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev Füzuli rayonunda fəaliyyət göstərən beş uşaq musiqi məktəbində üç gün müddətində təlim xarakterli tədbirlər keçiriblər.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, onlar məktəblərdə tədris prosesi və sənədlərlə işin təşkili ilə yaxından tanış olmaq məqsədilə dərslərdə iştirak ediblər. Eyni zamanda, nöqsan və iradların aradan qaldırılması üçün məktəblərə metodiki kömək göstərilib. Həmçinin ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, məktəblərin və sinif otaqlarının tərtibatı ilə bağlı zəruri tövsiyələr verilib.
Uşaq musiqi məktəblərində müxtəlif ixtisaslar üzrə tətbiq olunan yeni tədris proqramlarındakı innovativ metodoloji üsullar haqqında izahat verilib və şagirdlərə metodiki vəsaitlər təqdim edilib.
azertag.az