Dövlət Mahnı Teatrında "Sədəf" xalq çalğı alətləri ansamblının konserti olacaq
12.5.2016

Mayın 14-də Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblının konserti olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, konsertdə muğam, təsnif və rənglər, xalq mahnıları, bəstəkar mahnıları ifa ediləcək.

Bədii rəhbəri Qönçə Mehdiyeva olan "Sədəf" xalq çalğı alətləri ansamblı Filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Ansamblda uşaqlar muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayiətini öyrənirlər. Bakının müxtəlif musiqi məktəblərindən gələn şagirdlər həvəslə ansamblın fəaliyyətində yaxından iştirak edirlər. Ansamblın solistləri Azərbaycan milli musiqisini təmsil edib, müxtəlif beynəlxalq müsabiqə və festivallarda uğurlar qazanıblar.

azertag.az