“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin ( Qəndob-Rusiya sərhədi ) yenidən qurulması işlərinə başlanılıb.
Bu barədə tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, I texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 kilometr, hərəkət zolaqlarının sayı 4, ayrıcı zolağının eni 5 metr, örtüyün tipi asfalt-betondur.
Layihə üzrə yol yatağının eni 28 metr, hərəkət zolaqlarının eni 3,75 metr olmaqla hərəkət hissəsinin eni isə bir istiqamət üzrə 7,5 metr, çiyinlərin eni 3,75 metr olacaq. Yolda hesabi sürət 120 kilometr/saat nəzərdə tutulub.
Layihədə 23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli böyük yol ötürücüləri, 4 ədəd müxtəlif səviyyəli kiçik yol ötürücüləri, 15 ədəd körpülərin, beynəlxalq qaz və neft boruları üzərində yük ötürücü 7 ədəd qurğunun, kəndlərarası düzbucaqlı qurğu ilə 27 yol keçidinin, 313 yerdə müxtəlif diametrlərdə suötürücü borular və digər dəmir-beton qurğuların tikintisi, elektrik, rabitə, su və qaz xətlərinin köçürülməsi nəzərdə tutulub.
Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı və yol əsası tikilir, bundan başqa su və yeraltı keçidlərin, körpülərin inşası aparılır.
İşlər tərtib olunmuş cədvələ uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
azertag.az