Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ali Hərbi Məktəbində buraxılış mərasimdə iştirak etmişdir - FOTO
25.6.2012

İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.

Mərasimdən əvvəl dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış oldu.

Prezident İlham Əliyev sonra mərasimin keçirildiyi stadiona gəldi. Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları “Salam, gənc zabitlər!” sözləri ilə salamladı.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi. Mərasimi müdafiə naziri, general-polkovnik Səfər Əbiyev açdı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı mərasimdə nitq söylədi.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim etdi. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olundular.

Dövlətimizin başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim etdi.

Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurdular. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu oldu.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildi.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı gətirildi, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçdilər.

AzərTAc