Mayın 15-də ikinci və üçüncü ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçiriləcək
12.5.2016

Mayın 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-dan bildiriblər ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılacaq.

İmtahan saat 11.00-da başlanacaq və üç saat davam edəcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə iki sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiqləyən sənədin əsli; “İmtahana buraxılış vərəqəsi”.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Qeyd edək ki, imtahanda 14 min 495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6 min 859 abituriyent II qrup üzrə, 7 min 636 abituriyent III qrup üzrə imtahan verəcək.

İmtahanların idarə olunmasına 111 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1.263 nəzarətçi-müəllim cəlb olunacaq.

azertag.az