Xalq Artisti Rafiq Babayevin 80 illik yubileyi münasibətilə konsert keçiriləcək
12.5.2016

Mayın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Bakı şəhər Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbinin konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, konsert Xalq Artisti, görkəmli cazmen Rafiq Babayevin 80 illik yubileyinə həsr olunur.

Azərbaycan musiqisinin təbliğində böyük xidmətləri olmuş Rafiq Babayev yaradıcılığı dövründə çoxlu improvizələr etdiyi kimi, onun həyatla vidalaşması da qeyri-adi, faciəli olub. 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dəhşətli terror aktı törədilib. Bu terror nəticəsində həlak olan 14 nəfərin arasında görkəmli mədəniyyət xadimi Rafiq Babayev də vardı. Onun faciəli ölümü təkcə Azərbaycan mədəni ictimaiyyətini, musiqisevərlərini deyil, Rafiq Babayevi tanıyan dünya musiqi xadimlərini, bəstəkarın xaricdəki pərəstişkarlarını da sarsıdıb.

azertag.az