Mayın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda təqdim ediləcək.
Tamaşanın quruluşçu rəssamı, Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq Artisti Siyavuş Kərimidir. Əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər.
Səhnə əsəri Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki dostun görüşündən bəhs edir. Həmçinin, tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.
Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları dolğun təsvir edə bilib.
“Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.
azertag.az