Dövlət Filarmoniyasında fortepiano musiqisi axşamı keçiriləcək
13.5.2016

Mayın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fortepiano musiqisi axşamı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, konsertin solisti Rusiyadan gələn piano ifaçısı Olqa Domnina olacaq.

Proqrama əsasən o, Q. Qarayevin “Yeddi gözəl” baletindən süita (fortepiano üçün işləmə, ilk ifa), D. Şostakoviçin “Prelüdlər” və G. Sviridovun “Zaman, irəli ” simfonik süitasını (fortepiano üçün işləmə, ilk ifa) ifa edəcək.

Yeddi yaşından musiqi ilə məşğul olmağa başlayan Olqa Domnina bir çox beynəlxalq müsabiqələrdə iştirak edib, İtaliyanın “San Bartolomeo” beynəlxalq müsabiqəsinin laureatıdır. O.Domnina Qnesinlər adına Musiqi Akademiyasını qırmızı diplomla bitirib, daha sonra təhsilini Londondakı Kral Akademiyasında davam etdirib. Akademiyanın şurası tərəfindən “ən yaxşı solo ifaçı” nominasiyasında “Mekferren” mükafatına layiq görülüb.

azertag.az