Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Musiqili Teatrı Amerika mədəniyyət günləri çərçivəsində ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasının təqdimatına hazırlaşır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. “Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqləri uğurla davam edir.
“Company-E” komandasının üzvləri - Pol Qordon Emerson, Amikaelya Qaston, Qavin Stevart, Vanessa Oven, Abi Lishart, Tami Hol, Robert Priori, Kyoko Ruş və Diana Amalfitano imkan düşdükcə Bakının müxtəlif məkanlarına baş çəkir, heyranlıqlarını gizlədə bilmirlər. Təəssüratlarını bölüşən qonaqlar bildiriblər ki, Azərbaycan xalqının ən böyük özəlliklərindən biri onun qonaqpərvərliyidir. İnsanların mehribanlığı, istiqanlılığı adamı sadəcə məftun edir. Musiqili Teatrın binasına, burada yaradılmış şəraitə, yaradıcı mühitə heyran olduqlarını söyləyərək belə bir məkanda işləməyin insana xüsusi zövq verdiyini vurğulayıblar .
Qeyd edək ki, ABŞ-ın “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. “Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazırladığı “Brodvey” layihəsi mayın 14-də saat 19:00-da, 15-də isə saat 16:00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş sərbəstdir.
azertag.az