Gənc violin ifaçısı, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev Rusiyanın Novosibirsk şəhərində keçirilən beynəlxalq müsabiqədə I dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, musiqiyə böyük marağı olan Elvinlə kiçik yaşlarından babası, Azərbaycanın Xalq Artisti Sərvər Qəniyev məşğul olub. Elvin 5 yaşında ilk konsertini verib, 7 yaşında simfonik orkestrlə birgə İstanbulda “Albert Lonq Hall”da çıxış edib.
2006-cı ildən etibarən E.Qəniyev Rusiya, Türkiyə, Polşa, İspaniya, İsveçrə və digər ölkələrdə keçirilmiş beynəlxalq müsabiqələrdə uğurla çıxış edib. O, gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır.
2008-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. 2010-cu ildə Roma Papası gənc musiqiçini incəsənət sahəsində uğurlarına görə ordenlə təltif edib. Elvin Xoca Qəniyev 2016-cı il Gənclər üçün Prezident mükafatına layiq görülüb.
Gənc violin ifaçısı dünyanın nüfuzlu simfonik orkestrlərinin müşayiəti ilə konsertlərdə çıxış edir. O, Azərbaycan, ABŞ, Albaniya, Belarus, Belçika, Çexiya, Fransa, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Qazaxıstan, Misir, Norveç, Polşa, Rusiya, Türkiyə, Yunanıstan və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında, Azərbaycan mədəniyyəti günlərində, mühüm mədəni tədbirlərdə iştirak edib, solo konsertlər verib.
Hazırda Elvin Xoca Qəniyev İsveçrənin Kalaidos Tətbiqi Elmlər Universitetinin musiqi bölməsinin I kurs tələbəsidir.
azertag.az