Ölkəmiz İtaliyada keçirilən beynəlxalq kitab sərgisində təmsil olunur
13.5.2016

Mayın 12-də İtaliyanın Turin şəhərində 29-cu Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan da təmsil olunur.

Nazirlikdən bildirilib ki, sərgidə iştirak zəngin milli mədəniyyətimizin, Azərbaycanda inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin təbliğ olunması, ümumiyyətlə, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin İtaliya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli ekspozisiyamız tarixi abidələrimizin təsviri olan 30 kvadratmetrlik sahədə qurulmuş stenddə sərgilənir. Burada Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş 126 adda 250-dən çox kitab nümayiş olunur. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, incəsənət xadimlərinin, ədiblərinin - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Elçin, Kamal Abdulla və başqalarının ingilis, italyan və Azərbaycan dilində nəşr olunmuş kitabları təqdim edilir.

Stenddə Qarabağa və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə də yer alıb. Guşədə Azərbaycan və Türkiyə tarixçilərinin birgə hazırladığı, əsassız erməni iddialarını tarixi sənədlər və elmi əsaslarla ifşa edən ingilis dilində kitablar da nümayiş olunur.

Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə edilir. Stendə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş olunur.

Sərgi çərçivəsində bu gün Azərbaycan mədəniyyəti və tarixi barədə italyan dilində nəşr edilmiş yeni kitabların geniş təqdimat mərasimi keçiriləcək.

Sərgi mayın 16-dək davam edəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Turin beynəlxalq kitab sərgisinə ilk dəfə ötən il qatılıb.

azertag.az