Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət sahəsinin növbəti mərhələ üzrə dörd istiqamətini (muzey işi, klub işi, İKT, rəsm qalereyaları) əhatə edən metodiki vəsaitləri çapdan çıxıb.
Nazirlikdən bildirilib ki, “Muzey işinin modernləşdirilməsi: Əsas istiqamətlər” adlı metodiki tövsiyədə muzeydə yeni texnologiyaların tətbiqi haqqında məlumat verilir.
“Müasir ekspozisiya tərtibatında işıq və rəng amili” adlı metodiki tövsiyə ekspozisiyada işıqlandırma sisteminin düzgün qurulması, “Şəhər (rayon) mədəniyyət mərkəzləri və onların filiallarında özfəaliyyət dərnəklərinin təşkili” adlı metodiki tövsiyə mədəniyyət mərkəzlərinin təbliği məsələlərini əhatə edir.
“İnformasiya-kommunikasiya texnologiyalarının mədəniyyət müəssisələrində tətbiqi üzrə ilkin biliklər” adlı metodiki tövsiyədə müasir dövrdə gənclərin əksəriyyətinin sosial şəbəkələrdən əsasən əyləncə vasitəsi kimi istifadə etməsindən və İKT-nin müasir həyatımızda mühüm rol oynayan amillərdən biri olmasından söhbət açılır.
Metodiki vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə göndərilməsi ilə yanaşı yerlərdə təqdimatlarının keçirilməsi də nəzərdə tutulur.
azertag.az