Tarixi və mədəniyyət abidələrimizin gənc nəslə tanıdılması ilə bağlı layihəyə start verib
13.5.2016

“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tarixi abidələrimizin gənc nəslə tanıdılması ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinə start verib.

Layihənin məqsədi qeyri-formal təhsil növündən istifadə etməklə tarixi abidələr və mədəniyyətimiz haqqında geniş məlumatları şagirdlər arasında yaymaqdır.

Layihə V-XI sinif şagirdlərinin iştirakı ilə mayın 12-dən avqustun 12-dək Bakıda və ölkənin müxtəlif rayonlarında həyata keçiriləcək.

Layihə çərçivəsində ekspertlərin iştirakı ilə keçiriləcək təlimlərdə iştirakçılara tarixi abidələr, dahi şəxsiyyətlər və mədəniyyətimiz haqqında əlavə məlumatlar veriləcək. Təlimlərlə yanaşı, Şəki, Qəbələ, Qobustan, Quba rayonlarında və Bakı şəhərində yerləşən tarixi abidələrə infoturlar təşkil olunacaq. Həyata keçirilən layihə şagirdlərin bilik bazasını zənginləşdirəcək, onların tariximizin və mədəniyyətimizin öyrənilməsinə marağını artıracaq.

Layihənin yekunu olaraq iştirakçılar arasında tarix üzrə bilik yarışmasının keçirilməsi nəzərdə tutulub.

Layihə 40 nəfər məktəblinin iştirakı ilə 3 ay davam edəcək.

"Bakı Gənclər Klubu" İctimai Birliyi 1994-cü il yanvarın 29-da təsis olunub və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. İctimai Birlik Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və Azərbaycan Kiber İdman Federasiyasının təsisçisi və fəal üzvüdür.

azertag.az