Tələbə gənclər üçün “Multikulturalizm və gənclik” mövzusunda seminar keçirilib
13.5.2016

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) elm və təhsil departamentinin təşkilatçılığı ilə qurumun qərargahında “Multikulturalizm və gənclik” mövzusunda seminar keçirilib.

ATGTİ-dən bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

İttifaqın elm və təhsil departamentinin direktoru Əzizə Nəcəfova ölkəmizdə tarixən mövcud olan multikultural mühitdən danışıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda çoxəsrlik tarixə malik multikultural dəyərlərin qorunmasını və inkişafını daim diqqət mərkəzində saxladığını bildirib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin baş mütəxəssisi Rəvan Həsənovun apardığı seminarda ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində gənclərlə belə görüşlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Seminarda iştirak edən gənclərə multikulturalizm, plüralizm, tolerantlığın mahiyyəti, Azərbaycanın bu sahədə əldə etdiyi uğurlarla bağlı ətraflı məlumat verilib.

azertag.az