Muzey Mərkəzində Qalina Dmitrukun “KUKLA” art-qalereyası və Muzey Mərkəzi tərəfindən təşkil edilmiş “Gecə nağılları” adlı müəllif kuklaları sərgisi keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, həm Belarus, həm də xaricdə tanınmış müəllif interyer kukla ustası Qalina Dmitruk dünyamızı daha da gözəl etmək üçün öz yanaşma tərzini tapıb. Onun işləri Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belçika, Çexiya və İspaniyada bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib. Qalina Dmitrukun kuklaları doğma Belarusda hər zaman səbirsizliklə gözlənilir, çünki müəllif öz işlərini doğma Vətənində olduqca nadir hallarda sərgiləyir. Belə ki, onların çoxunu yalnız şəkillərdə görmək olar.
Kukla dizaynı Belarusda 10 il bundan əvvəl inkişaf etməyə başlayıb. Qalinanın ixtisasca jurnalist olmasına baxmayaraq Belarusda bu incəsənət sahəsinin ustalarından sayılır. Qalina Dmitrukun kuklaları yalnız interyerin bir hissəsi olmaqla qalmayıb, həm də özlərində əks emosiyalarla dolu daxili aləmlərini ehtiva edirlər.
Müəllifin aktivində olduqca gözəl və digər kuklalara bənzəməyən yüzdən artıq iş var. Qalinanın işləri ilə ənənəvi boşgözlü və qəlbsiz qızılı buruqsaçlı gözəlçələr arasındakı sərt təzad dərhal gözə çarpır. Onun kuklalarının hər birinin öz təkrarsız hekayəsi və taleyi var. Qırıq əl və ayaq xətləri, ifadəli baxışlar, kuklaların donub-qaldığı qeyri-adi duruşlar – bunların hamısı insanı ovsunlayır.
Beynəlxalq kukla biennalesinin daimi iştirakçısı olan Qalina Dmitruk ölkəmizin paytaxtında keçirilən ilk fərdi sərgisinə “Gecə nağılları” adını xüsusi layihə üçün fikirləşib. Müəllif il ərzində Azərbaycanın təkrarsızlığı və ecazkarlığını əks etdirən kuklalar hazırlayıb. O, Bakıya ilk baxışdan aşiq olub və öz əsərlərində bu şəhərin ziddiyyətlərini göstərməyə çalışır. “Deniz”, “Əminə”, “Məryam”, “Bella”, “Sara”, “Aylin”, “Sevil” – bir sözlə müasir Şəhrizadlar tamaşaçının diqqətini çəkir, onları öz “Gecə nağılları” ilə valeh edir və xəfif uşaqlıq ətri ilə böyüklər üçün möcüzələr aləminə çəkib aparır.
Mayın 17-dək davam edəcək sərgidə müəllifin 9 işi nümayiş etdirilir.
azertag.az