Mayın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə elmi-kütləvi “Yol” jurnalının nəşrə başlamasının 10 illiyi qeyd olunacaq.
Nazirlikdən bildirilib ki, Azərbaycanda rus dilində elmi-kütləvi jurnal ilk dəfə 2006-cı ildə Lalə Kazımova tərəfindən təsis edilib və onun təşəbbüsü ilə “Yol” adlandırılıb. “Yol” jurnalının birinci nömrəsi 2006-cı ilin aprel ayında istedadlı jurnalist və tədqiqatçı Mila Fərəcullayevanın redaktorluğu ilə işıq üzü görüb. Yeni nəşrin fotoqrafı Emil Xəlilov olub. Üçüncü nömrəsindən başlayaraq bu günə kimi jurnalın baş redaktoru Flora Nacidir.
Ötən on il ərzində jurnalın 56 nömrəsi çap olunub. Bu nömrələrdə elmi-kütləvi, bədii, publisistik, memuar xarakterli materiallar yer alıb ki, bunlar da müstəqil ölkəmizin keçmişinə və bugününə işıq salır. Bunlarla yanaşı jurnalda müntəzəm olaraq müxtəlif xarici ölkə və şəhərlər, onların tarixi, özəllikləri, mədəniyyətləri haqqında məqalələr nəşr olunur.
Təqdirəlayiqdir ki, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda çap olunan dünyanın milli, mədəni müxtəlifliyinə böyük marağı ilə fərqlənən və bütöv formatı ilə tolerantlığa xidmət edən rusdilli jurnalın yubileyi ölkəmizdə elan olunmuş multikulturalizm ilinə təsadüf edir.
Yubiley çərçivəsində jurnalın fotoqrafı Emil Xəlilovun “Təbiətin çalarları” adlı fərdi fotosərgisi açılıb.
Sərgi mayın 16-dək davam edəcək.
azertag.az