Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilk dəfə Azərbaycanın xaricindəki bir teatrın repertuarına daxil edilib.
Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri ilə ölkəmizin Türkiyədəki səfirliyinin birgə layihəsi çərçivəsində Ankara Dövlət Opera və Balet teatrında səhnəyə qoyulan “Leyli və Məcnun” operasının premyerası böyük uğurla keçib.
Dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının premyerasının Ankarada xüsusi maraqla gözlənilməsini şərtləndirən bir neçə amil vardı. İlk dəfə olaraq “Leyli və Məcnun” operası Azərbaycandan kənardakı bir teatrın repertuarına daxil edilib.
Tamaşada Ankara Dövlət Opera və Balet teatrının sənətçiləri Azərbaycandan gələn ifaçılarla birlikdə çıxış edirlər. Rolların ifaçıları əsasən yerli sənətçilər olduğu üçün Xalq Artisti Mənsum İbrahimovun iştirakı ilə keçirilən məşqlərin böyük hissəsi ifaçıların muğam sənətinin sirlərinə yiyələnməsinə həsr edilib.
Əməkdar İncəsənət Xadimi, rejissor Əflatun Nemətzadənin rəhbərliyi altında keçən 6 aylıq gərgin hazırlıq prosesinin ardından nəhayət premyera həyəcanının yaşandığı gün gəlib çatdı. Yerli sənətsevərlərin böyük maraq göstərdikləi ilk tamaşaya gələnlər arasında Azərbaycan Milli Məclisinin deputatları, Ankaradakı diplomatik korpusların təmsilçiləri, tanınmış elm və mədəniyyət xadimləri, QHT və KİV nümayəndələri də vardı.
Tamaşadan əvvəl çıxış edən Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov qeyd edib ki, mədəniyyət sahəsindəki əlaqələr Türkiyə ilə Azərbaycan arasındakı çoxşahəli əməkdaşlıqda xüsusi yer tutur. İlin əvvəlində Mersin şəhərində səhnəyə qoyulan “Koroğlu” operasından sonra “Leyli və Məcnun” operasının Ankara teatrında repertuara daxil edilməsi bu uğurlu əməkdaşlığın yeni bir bəhrəsidir.
Nəhayət, pərdə açıldı və Üzeyir bəy musiqisinin cazibəsi, Xalq Artisti Mənsum İbrahimovun ecazkar səsi və maharətlə yaratdığı obraz, yerli sənətçilərin əzmkarlıqla ifa etdikləri partiyalar tələbkar Ankara tamaşaçısını dahi Füzulinin yaratdığı məhəbbət əfsanəsi dünyasına aparıb. Məcnun rolunu Azərbaycanın Respublikasının Xalq Artisti Mənsum İbrahimov və Leyli rolunu isə Türkiyəli Selva Erdənər ifa ediblər.
Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Ankara Dövlət Opera və Balet Teatrının orkestri, xor və Azərbaycanın Əməkdar artistləri - Elçin Həşimov və Elnur Əhmədovun ahəng müşayiəti, həmçinin olduqca orijinal dekorasiya, işıq, rəng, xüsusi effektlərdən istifadə və xoreoqrafiya bir-birini uğurla tamamlayırdı.
Bütün bu elementlərin görkəmli opera rejissoru Əflatun Nemətzadənin özünəməxsus ustalıqla quruluş verdiyi tamaşada toplanması layihənin uğurunu təmin edib.
Bundan əlavə, tamaşanın finalındakı yenilik də böyük maraqla qarşılanıb.
Sonda, səfirlik tərəfindən layihədə əməyi olan şəxslərə xatirə lövhələri təqdim olunub.
azertag.az