Bədii təhsil müəssisələrinin şagirdləri arasında III Respublika Muğam Festivalına start verilib
16.5.2016

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə görkəmli muğam ustası Xan Şuşinskinin anadan olmasının 115 illiyinə həsr edilən III Respublika Muğam Festivalı başlayıb.

Nazirlikdən bildirilib ki, görkəmli xanəndənin yubileyi çərçivəsində təşkil edilən festivalda bədii təhsil müəssisələrinin şagirdləri və tələbləri iştirak edirlər.

Festivalın məqsədi Xan Şuşinskinin xatirəsinin yad edilməsi, onun muğam ifaçılığı üslubunun təbliğ olunması, eləcə də ölkədə muğam ifaçılığı təhsilinin inkişafı, istedadlı məktəbli və gənclərin aşkara çıxarılması və onların dəstəklənməsindən ibarətdir.

Münsiflər heyəti mayın 17-dək 2 nömrəli Uşaq İncəsənət Məktəbində festival iştirakçılarını dinləyəcəklər.

Bir turdan ibarət olub, 2 qrup üzrə keçirilən festivalda respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən, musiqi və humanitar kolleclərdən 220-dək uşaq və gənc iştirak edir.

Festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Aygün Bayramovanın sədrliyi ilə Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri, mərhum sənətkarın övladı Bəyimxanım Verdiyeva, Azərbaycan Milli Konservatoriyasının müəllimləri, Xalq artistləri Gülyaz Məmmədova, Zabit Nəbizadə, Əməkdar Artist Firuz Səxavətdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

Qeyd edək ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz festivalda uğurlu çıxışlara görə Qran-pri, 1, 2, 3-cü dərəcəli diplomlar, fəxri fərman, tərifnamə və müvafiq hədiyyələr təsis edib.

Festivalın yekun konserti mayın 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin 2016-cı il iş planına əsasən, Xan Şuşinskinin 115 illik yubileyi ilə bağlı elmi konfrans da keçiriləcək.

azertag.az