Mayın 16-dan etibarən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işlərinə başlanılır.
Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Sözügedən işlərə bu gün saat 11:00-dan Xəzər rayonu Zağulba prospektində başlanılır. Prospektin hər iki istiqaməti üzrə aparılacaq rəngləmə işləri ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq (yol tam bağlanmır). Rəngləmə işləri axşam saatlarınadək davam edəcək.
Axşam saat 23:00-dan etibarən isə yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada keçidlərinin yenidən rənglənməsi işləri Nəsimi rayonu Kövkəb Səfərəliyeva və Rixard Zorge küçələrində aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı həmin küçələrdə də hərəkət dayandırılmadan qismən məhdudlaşdırılma tətbiq olunacaq.
azertag.az