Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev SSRİ Xalq Artisti Vladimir Kuroçkin adına Gənc Operetta və Müzikl Artistlərinin VI Beynəlxalq Müsabiqəsində münsiflər heyətinin üzvü kimi iştirak edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə Əliqismət Lalayev Rusiya Federasiyasının Yekaterinburq şəhərinə yola düşüb.
Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, Qerard Vasilyev adına Operetta Janrının Qorunub Saxlanması və İnkişafı Fondu, Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir. Münsiflər heyətində Fransa, Almaniya, Belarus, Rusiya kimi dövlətlərin dünya şöhrətli musiqili teatr sənətçiləri təmsil olunur. Məşhur sənət adamlarının üzv olduğu münsiflər heyətinə Rusiya Federasiyasının Xalq Artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonos rəhbərlik edir.
“Vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşınadək gənclər iştirak edəcəklər. Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.
azertag.az