Kümçülərə ipəkqurdlarının bəslənilməsinə dair tövsiyələr verilib
18.5.2016

Azərbaycanda qeyri-neft sektorunun ənənəvi sahələrindən olan baramaçılığın dirçəldilməsinə dair Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə müasir infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasında yetişdirilmiş 1750 qutu yüksək keyfiyyətli ipəkqurdları bölgü əsasında aprelin 27-də, mayın 2-si və 3-də respublikanın baramaçılıq ənənələrinə malik 23 rayonunun (Ağcabədi, Ağdaş, Bərdə, Sabirabad, İmişli, Kürdəmir, Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdam, Ağstafa, Balakən, Ağsu, Tərtər, Qax, Qazax, Şəki, Şəmkir, Tovuz, Füzuli və İsmayıllı) kümçülərinə ödənişsiz paylanılıb. Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi davam edir.

Bu sahədə qarşıya çıxan problemlərin həllində kümçülərə əməli kömək göstərmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin xüsusi işçi qrupu “Şəki İpək” ASC-nin rəhbər və mütəxəssisləri ilə birlikdə Sabirabad, İmişli, Füzuli, Tərtər, Ağdam, Bərdə, Ağcabədi və Zərdab rayonlarında ipəkqurdlarının bəslənilməsi prosesinin gedişi ilə yerində tanış olublar.

Rayonlarda ipəkqurdlarının yemlənmə vəziyyəti və şəraiti ilə tanışlıq zamanı müəyyən edilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasından götürülmüş ipəkqurdlarının hamısı baramaçılıq sahəsində nisbətən təcrübəli, yemləmə otaqlarının təşkili üçün zəruri şəraitə və yem tədarükü imkanlarına malik kümçülər arasında paylanılıb. Qeyd edilən rayonlarda ipəkqurdlarının yemlənməsində ciddi problemlərin olmadığı, rayon və kənd ərazilərində yolların kənarında və həyətyanı sahələrdə kifayət qədər tut (çəkil) ağaclarının mövcudluğu müəyyən edilib.

Mütəxəssislər tərəfindən yerlərdə kümçülərə ipəkqurdlarının bəslənilməsinə dair zəruri tövsiyələr verilib. Rayon icra hakimiyyəti və yerli idarəetmə orqanlarının rəhbərlikləri ilə görüşlər zamanı kümçülərin qarşılaşdıqları çətinliklərin həllinə kömək göstərilməsinə, həmçinin yerlərdə barama istehsalının gələcək inkişafına dair müzakirələr aparılıb.

azertag.az