Bakı Ali Neft Məktəbində imtahanları britaniyalı mütəxəssislər keçirir
18.5.2016

Bakı Ali Neft Məktəbində (BANM) neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə yaz imtahan sessiyasına başlanılıb. İmtahanlar Böyük Britaniyanın Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilmiş müəllim və ekspertlər - universitetin Mühəndislik və Fizika Elmləri üzrə İnstitutu (MFEİ) direktorunun müavini, professor Aleksandr Bel, MFEİ-nin tədris və təlim üzrə direktoru, professor Kevin Makkalax, MFEİ-nin professoru Qrem Vayt, müəllim, tədris üzrə menecer Patrisiya Dankan, MFEİ-nin inzibati işlər üzrə köməkçisi İren Foks, universitetin Neft-qaz Mühəndisliyi İnstitutunun tədris işləri üzrə direktoru Con Ford orada tərtib olunmuş imtahan sualları əsasında BANM-də imtahanları təşkil edirlər.

Neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə ikinci, üçüncü və dördüncü kurs tələbələri Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə bu kurslarda imtahanlar həmin universitetlə eyni vaxtda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə təşkil olunur.

BANM Azərbaycanda yeganə ali məktəbdir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, britaniyalı mütəxəssislər imtahanların gedişinə nəzarət edirlər və imtahandan sonra tələbələrin yazılı cavabları sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu cür təşkili nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.

Bu günədək tədris illəri üzrə aparılan statistikaya əsasən, Bakı Ali Neft Məktəbinin tələblərinin imtahanlarda topladıqları orta bal göstəriciləri Heriot-Vatt Universitetinin tələbələri ilə müqayisədə həmişə yüksək olub.

azertag.az