İtaliya Parlamentinin keçmiş üzvü, hazırda “Novae Terrae” Fondunun baş direktoru Luka Volontenin bu ölkənin “Formiche” jurnalının internet saytında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə “Müsəlman dünyası ilə inteqrasiya Azərbaycandan başlayır” adlı məqaləsi dərc edilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən bildiriblər ki, məqalədə müəllif Sivilizasiyalar Alyansının yaranma tarixi, missiyası barədə ümumi məlumat verib. Qeyd edilib ki, Bakıda keçirilən 7-ci Forumda dünyanın mötəbər qurumlarının nümayəndələri, rəsmi şəxslər və ictimai xadimlər iştirak ediblər. Forum çərçivəsində dünyada birgə yaşayış, təhsil, miqrantların inteqrasiyası, gənclərin inklüziv cəmiyyətin formalaşmasında iştirakı və mədəniyyətlərarası həmrəylik, dini ekstremizm kimi mövzularda seminar və “dəyirmi masa”lar keçirilib.
L.Volonte Forumda Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqində səsləndirdiyi fikirlərə istinad edərək qeyd edib ki, Azərbaycan əsrlərdir fərqli din və mədəniyyətlərin qovuşuğunda yerləşir, ölkədə tarix boyu tolerantlıq və multikulturalizm mövcud olub, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada sülh şəraitində birgə yaşayıblar.
Müəllif bildirib ki, əhalisinin 90 faizi müsəlman olan Azərbaycan müstəqilliyinin əvvəllərindən etibarən dövlət və müxtəlif dini konfessiyalar arasında münasibətlərin tənzimlənməsi məsələsində model dövlət rolunu oynayıb. “Bu, birgəyaşayış və dünyəvilik baxımından gözəl modeldir”, - deyə müəllif vurğulayıb.
Məqalədə Vatikanın Mədəniyyət Şurasında Asiya, Afrika və Okeaniya dövlətləri ilə əlaqələrə məsul şəxs Teodor Maskarenhauzun “əhalisinin əksəriyyəti müsəlman olan, dünyəvilik prinsipinə sadiq və azlıqların hüquqlarına hörmətlə yanaşan, hətta kiçik katolik icmasının belə cəmiyyətin inkişafına töhfə verdiyi Azərbaycan müasir İslam dövləti nümunəsidir”, - fikirlərinə də yer verilib.
azertag.az